ANKARADA “HEYDƏR ƏLİYEV KUBOKU” UĞRUNDA BİLİK VƏ İSTEDAD MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən “Heydər Əliyev kuboku” uğrunda bilik və istedad müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət komandalara final mərhələsində uğurlar diləyən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova bildirmişdir ki, ulu öndər gənc nəslin yüksək biliklərə yiyələnməsinə və vətənpərvərlik ruhunda böyüməsinə hər zaman qayğı göstərmişdir. Bu müdrik siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev gənclərimizin xarici ölkələrdəki nüfuzlu universitetlərdə təhsil almalarını diqqət mərkəzində saxlayır.
Sonra tələbələrimiz “Breyn rinq” bilik yarışmasında istedadlarını sınadılar. İkinci mərhələdə isə komandalar maraqlı səhnəciklər nümayiş etdirdilər.
İki mərhələnin yekunlarına görə “Heydər Əliyev kuboku”nun sahibi İstanbul Universitetinin “Dincəl” komandası oldu. İkinci yeri Mərmərə Universitetinin “Universal”, üçüncü yeri isə İstanbul Universitetinin “6 Siqma” komandaları tutdular.
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov fəxri mükafatları qaliblərə təqdim etdi və onlara təhsillərində uğurlar arzuladı. Səfir qeyd etdi ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan müsabiqənin qalibi olmaq tələbələr üçün böyük şərəfdir.