ANKARADA TÜRKSOY TƏŞKİLATI DAİMİ ŞURASININ 24-CÜ İCLASI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 27-də Ankarada Türk Dünyası Mədəniyyət və İncəsənət Ortaq Yönətimi (TÜRKSOY) təşkilatı Daimi Şurasının 24-cü iclası öz işinə başlamışdır.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, Özbəkistan və Qazaxıstanın nazir müavinləri, habelə Şimali Kipr, Rusiyanın Başqırdıstan, Tatarıstan, Tuva, Xakasiya, Yakutiya muxtariyyətlərinin mədəniyyət nazirləri iştirak edirlər.
İclasdan əvvəl mədəniyyət nazirləri Anıtqəbirə gələrək, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoloyeni ziyarət etmişlər.
Sonra türkdilli ölkələrin rəssamlarının 9-cu sərgisinin açılışı olmuşdur. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bundan əvvəlki sərgidə fərqlənən rəssamlara fəxri diplomlar təqdim etmişdir.
Toplantıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, ölkəmizin son illərdə türk dünyasının birliyi istiqamətində həyata keçirilən bütün layihələrdə fəal iştirak etdiyini, TÜRKSOY çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir. Azərbaycan təşkilatın yeni seçiləcək baş direktoruna türk dünyasının mədəni irsinin təbliği və milli musiqilərin vahid kataloqa toplanması üzrə həyata keçirəcəyi layihələrdə hər cür dəstəyi göstərməyə hazırdır. Nazir vurğulamışdır ki, bu iclas Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikasının 90 illik yubiley şənliklərnə təsadüf edir.
Əbülfəs Qarayev iclasda iki təkliflə çıxış etmişdir. Nazir 2008-ci ilin dekabrında Bakıda keçiriləcək Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin nazirlərinin də iştirak edəcəyini diqqətə çatdıraraq, TÜRKSOY dövlətləri nazirlərinin də iştirakını təklif etmişdir. İkinci təklif isə, gələn ilin əvvəlində yenə Bakıda keçiriləcək İKT ölkələri nazirlərinin toplantısında türkdilli dövlətlərin iştirakı ilə bağlı idi.
İclasda türk dünyası ədəbiyyatının klassikləri - türkmən şairi Məhtimqulu və qırğız yazıçısı Çingiz Aytmatovun yubileylərinin bütün türk ölkələrində geniş şəkildə qeyd olunması qərara alınmışdır. Mədəniyyət nazirləri TÜRKSOY-un sabiq baş direktoru Polad Bülbüloğluna səmərəli fəaliyyəti üçün təşəkkürlərini ifadə etmişlər.
TÜRKSOY-un iclasında illik fəaliyyət planı müzakirə olunacaq, mədəniyyət sahəsində yeni layihələrə baxılacaqdır.
Həmin gün mədəniyyət nazirlərini Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan qəbul etmişdir. Parlamentin sədri təşkilatın əhəmiyyətini vurğulamış, iclasın işinə uğurlar diləmişdir.
######
