Ankaradakı Hacı Bayram Vəli Universitetində “Şuşa İli” münasibətilə mərasim və kitab təqdimatı təşkil olunub









Ankara, 22 noyabr, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyi və Ankarada fəaliyyət göstərən Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə mərasim və kitab təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Hacı Bayram Vəli Universitetində keçirilən tədbirdə əvvəlcə “Şuşa İli” mövzusunu tərənnüm edən sərginin açılışı olub.
Mərasimə qatılan rəsmi şəxslər, Hacı Bayram Vəli Universitetinin professor, müəllim və tələbə heyəti, görkəmli ziyalılar sərgi ilə tanış olublar.
Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib.
Sonra Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə tanışlıq olub.
Mərasimdə ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Şuşaya həsr olunmuş filmin nümayişindən sonra çıxışlar edilib.
Təqdimatı keçirilən “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibat, yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər barədə iştirakçılara müfəssəl məlumat verilib.
Tədbirdə Hacı Bayram Vəli Universitetinin prorektoru Orxan Karakurtun, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının, “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılovun və professor Toğrul İsmayılın çıxışları dinlənilib.
Çıxışlarda ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları xatırladılıb, 44 günlük Vətən savaşında qazanılan şanlı Qələbə və Şuşanın qurtuluşunun mənəvi və tarixi əhəmiyyətindən bəhs edilib, türk dünyasının birliyinə, həmrəyliyinə dair fikirlər bölüşülüb, mülahizələr aparılıb. Diqqətə çatdırılıb ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ və ətraf bölgələrin işğaldan qurtuluşu prosesinə dair gerçəklərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına böyük töhfələr verib. Bayram Vəli Universitetində təşkil olunan tədbir və kitab təqdimatı da bu istiqamətdə atılan mühüm addımlar sırasındadır.
Mərasimin sonunda zəngin musiqi proqramı təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara