Ankaradakı Heydər Əliyev adına orta məktəbdə Ulu Öndər və ortaq dəyərlərlə bağlı layihələr reallaşdırılacaq




Ankara, 22 aprel, AZƏRTAC
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ortaq dəyərlərimizi, qardaşlıq münasibətlərimizi, milli mədəniyyətimizi, tariximizi, ana dilimizi təbliğ etmək məqsədilə qardaş ölkədəki universitetlər, liseylər, orta məktəblərlə birgə layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Ankarada Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan orta məktəblə ortaq layihələr müzakirə edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaranın Yeniməhəllə bölgəsində yerləşən Heydər Əliyev adına orta məktəbin direktoru Ahmet Sürezli ilə görüşdə ortaq dəyərlərimizin gələcək nəsillərə daha çox tanıdılması, Türkiyədə “Bir millət – iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin irsi, onun Azərbaycan dövlətçiliyinin inkişafı, Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq səviyyəsinə yüksəldilməsi, Türk dünyası arasında həmrəyliyə nail olunmasında müstəsna rolunun geniş təbliği məqsədilə layihələrin reallaşdırılması, habelə Ankarada liseylər, orta məktəblər arasında tariximiz, milli mədəniyyətimiz və ortaq dəyərlərimiz əsasında bilik yarışmasının təşkili, məktəblilər arasında poeziyamızın tanınmış nümayəndələrinə həsr olunmuş şeir və poeziya gecələrinin təşkili müzakirə edilib.
Görüş çərçivəsində Heydər Əliyev məktəbi ilə tanışlıq olub, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəbə Azərbaycanla bağlı ana dilimizdə və Türkiyə türkcəsində nəşrlər hədiyyə edilib.
Nəşrlər arasında Azərbaycan dövlətçiliyi, tarixi, Ulu Öndər Heydər Əliyev, habelə milli mədəniyyətimiz, klassik irsimizə dair kitablar yer alıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara