ANKARADAKI HEYDƏR ƏLİYEV PARKINDA ULU ÖNDƏRİN 85 İLLİK YUBİLEYİ MİNASİBƏTİLƏ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə Türkiyə paytaxtında ulu öndərin adını daşıyan parkda Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, siyasi partiyaların nümayəndələri, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Mərasimdə, həmçinin Türkiyə Odalar və Birjalar Birliyinin dəvəti ilə Ankarada səfərdə olan bir sıra ölkələrin iş adamları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, paytaxtdakı Heydər Əliyev məktəbinin şagirdləri iştirak etmişlər.
Ulu öndərin əzəmətli heykəlinin qarşısına Azərbaycanın Ankaradakı səfirliyi və müxtəlif qurumların adından əklil qoyulmuşdur.
Daha sonra Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov diplomatik missiyanın ulu öndərin adını daşıyan məktəbin şagirdləri arasında “Heydər Əliyev və müstəqillik” mövzusunda təşkil etdiyi rəsm müsabqəsinin qaliblərinə fəxri diplomlar və hədiyyələr təqdim etmişdir.
Ulu öndərin yubileyi Türkiyənin İzmir şəhərində də qeyd edilmişdir. Konak rayonu bələdiyyəsinin mədəniyyət mərkəzində Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə “Heydər Əliyev İzmirdə” fotosərgisi və anma mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin 1992-ci ilin iyununda Naxçıvan Ali Məclisinin sədri olarkən İzmirə səfərindən, 1997-ci ilin mayında isə Azərbaycan Respublikasının Prezidenti kimi burada keçirdiyi görüşlərdən ətraflı bəhs edilmişdir.