SİYASƏT
ANTALYADA AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ TÜRKİYƏ-AZƏRBAYCAN BİRGƏ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Ankara, 4 aprel (AZƏRTAC). Türkiyənin Antalya şəhərində ailə, qadın və uşaq problemləri üzrə yaradılmış Türkiyə-Azərbaycan birgə komissiyasının iclası keçirilmişdir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Türkiyənin ailə, qadın və uşaq məsələləri üzrə dövlət naziri Nimət Çubukçu qadınların cəmiyyətin həyatının müxtəlif sahələrində, xüsusilə siyasətdə, iqtisadiyyatda fəal iştirakının təmin olunmasında səmərəli əməkdaşlıqdan bəhs etmişlər.
Qeyd olunmuşdur ki, indi hər iki ölkənin qadınları azad hüquqlara və geniş imkanlara malikdirlər. Bu sahədə qanunvericilik bazası getdikcə təkmilləşdirilir. Azərbaycan və Türkiyə arasında imzalanmış Protokol əsasında yaradılmış birgə komissiya əməkdaşlığa və təcrübə mübadiləsinin genişlənməsinə təkan vermişdir.
Hicran Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq və qadın problemlərinin həlli sahəsində məqsədyönlü fəaliyyətini xüsusi olaraq vurğulamışdır. Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə ən müasir standartlara cavab verən məktəb binalarının tikintisinə, internat məktəblərinin və uşaq evlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, digər mühüm layihələrin həyata keçirilməsinə yönəlmişdir.
Hicran Hüseynova rəhbərlik etdiyi komitənin Türkiyənin müvafiq strukturları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməkdə və qardaş ölkənin təcrübəsindən yararlanmaqda maraqlı olduğunu da söyləmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara