Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış səhifədir
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bu günün işığına toplaşmağın şərəfli və məsuliyyətli olduğunu deyib: “Aprel döyüşləri xalqımızın, ölkə rəhbərliyinin, Ali Baş Komandanın dünyaya Azərbaycanı ləyaqətlə tanıtması nöqteyi-nəzərindən son dərəcə ibrətamiz tarixin hissəsidir. Biz tarixin bu hissəsini ömür boyu yaşatmalıyıq. Sabah bizim böyük qələbələrimiz olacaq. Bütün Azərbaycan xalqını sevindirə bilən Prezidentimiz dünyaya sübut elədi ki, Azərbaycan Ordusu öz qarşısında olan bütün qüvvələrə qarşı yenilməzdir”.
Rektor tələbələrin bir sıra regionlarda yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçdiklərini diqqətə çatdırıb: “Cocuq Mərcanlı Azərbaycanın gözəl yaşayış məntəqəsinə çevrilib. Bu gün Cocuq Mərcanlıda bizim universitetinin tələbələri artıq neçə aydır ki, pedaqoji təcrübə keçirlər. Tələbələr Bakı məktəblərində təcrübə keçməkdənsə, Bərdə, Biləsuvar, Mingəçevir və digər rayonlardakı məcburi köçkün məktəblərində təcrübə keçməyə üstünlük verirlər”.
Sosial məsələlər və ictimai əlaqələr üzrə prorektor Tamam Cəfərova tədbirin Azərbaycanın tarixi qəhrəmanlıq rəmzi olan Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunduğunu deyib: “Biz bu döyüşlərdə 88 şəhid vermişik. Aprel döyüşlərindən artıq üç il keçir. Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış səhifədir. Hər bir Azərbaycan vətəndaşı bu döyüşlərlə fəxr edir. Aprel döyüşləri böyük qələbəmizin başlanğıcıdır. Bu döyüşlər göstərdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu qarşısına qoyduğu məqsədlərə çatmağa qadirdir. Aprel döyüşləri göstərdi ki, böyükdən kiçiyə qədər bütün Azərbaycan xalqı Prezidentin əmrini gözləyir. Biz bu əmrlə Azərbaycan torpaqlarını azad etməyə hazırıq”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşünün əks olunduğu videoçarx nümayiş olunub.
Aprel döyüşlərinin qəhrəmanı, “Bayraq” ordeni təltifçisi, mayor Asif Rəsulov, “Gənc vətənpərvərlər” İctimai Birliyinin sədri Muğan Əliyev, 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, psixologiya kafedrasının dosenti Əzim Əliyev Aprel döyüşlərində əsgərlərin ruh yüksəkliyini, gənclərin Ali Baş Komandanın əmri ilə döyüşə daim hazır olduqlarını vurğulayıblar.