Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir
Lənkəran, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Xarici Dillər Təmayüllü Gimnaziyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad regional mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Mənsur Ağayev Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu bildirib.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında ölkə gənclərinin Vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğunu vurğulayıb. O, məktəblərdə keçirilən bu cür maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu deyib, bu qələbəni Azərbaycan Ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi dəyərləndirib.
Ombudsmanın Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhuna və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu qeyd edərək, Aprel döyüşlərində qazanılan qələbəni Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil etdiyini söyləyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.