Aprel döyüşlərində şəhid olan gizir Ravil Novruzovun xatirəsi anılıb
Xızı, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Xızıda Aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Ravil Novruzovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Giləzi qəsəbəsində şəhidin məzarını ziyarət edən mərasim iştirakçıları R.Novruzovun vətənpərvər övlad olmasından, doğma Vətənə sevgisindən danışıblar. Ravilin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu qeyd olunub.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan gizir Ravil Novruzov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.
Şəhidin anası Nargilə Novruzova torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib.
Anım mərasimində Xızı Rayon İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və məktəblilər iştirak edib.
Çıxışlardan sonra Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompazisiya təqdim olunub.