REGİONLAR
Aqrar İnnovasiya Mərkəzinin direktoru: Məhsuldarlığın əldə edilməsində sertifikatlı toxum önəmli amildir
Naxçıvan, 10 oktyabr, Nail Əsgərov, AZƏRTAC
Bu il Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və dəstəyi ilə 10 iqtisadi rayon üzrə 15 rayonda toxum sərgi-satış yarmarkasının təşkili planlaşdırılıb. Dünəndən Naxçıvandayıq və ilk dəfə olaraq muxtar respublikada belə bir tədbir reallaşır. Bu gün isə Şərurda toxum sərgi-satış yarmarkası keçirilir. Ümumilikdə, Naxçıvan Muxtar Respublikası ərazisində belə yarmarkanın keçirilməsi çox əhəmiyyətlidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Naxçıvanda ilk dəfə təşkil olunan toxum sərgi–satış yarmarkasında jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, Naxçıvanda keçirilən toxum sərgi-satış yarmarkasında 30-dan çox ixtisaslaşdırılmış toxum şirkəti iştirak edir. Həmçinin fərdi təsərrüfatlar öz sertifikatlı toxumlarını fermerlərə təqdim etmək imkanı qazanıb. “Əminəm ki, bu tədbirlər müsbət bəhrəsini verəcək. Çünki məhsuldarlığın əldə edilməsində sertifikatlı toxum önəmli amildir. Yarmarka çərçivəsində toxumçuluğun inkişafı ilə bağlı bir sıra tədbirlər, dəyirmi masa təşkil olunur ki, bu da aqrar sahədə tərəqqinin əldə edilməsinə hesablanıb”, - deyə o əlavə edib.