Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: “Bir neçə şirkətin artıq Qarabağda aqroparklarla bağlı konsepsiyası var”

Bakı, 14 may, AZƏRTAC
II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində bu gün keçirilən “Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli” adlı panel aqroparkların təşkili, idarə olunması və inkişafı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Bu günə qədər Azərbaycanda aqroparkların inkişafı istiqamətində ciddi işlər görülüb. Ölkədə ümumiyyətlə 53 aqropark var və onların bir hissəsi qeydiyyatdadır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov bildirib.
Aqroparkların fəaliyyəti barədə məlumat verən R. Hüseynov deyib: “Ölkəmizdə bir sıra təsərrüfatların aqropark statusu var. İndi aqroparklarla bağlı növbəti inkişaf mərhələsinə qədəm qoyuruq. Bu panelin də əsas məqsədi o idi ki, özəl sektorun iştirakı ilə müzakirə təşkil edək, inkişaf mexanizmlərini, qısa, orta və uzunmüddətli dövr üçün vizyonumuzu müəyyənləşdirək.
Ölkəmizdə mövcud aqroparkların ümumi ərazisi 233 min hektar təşkil edir və bu sahənin təqribən 130 min hektarında əkin aparılır. Əkin aparılan sahələrin də yarısından çoxunda müasir suvarma sistemləri quraşdırılıb ki, bu da kifayət qədər böyük göstəricidir.
Panel müzakirələrdə məlum oldu ki, artıq bir neçə şirkətin işğaldan azad olunmuş ərazilərimizdə aqroparklarla bağlı konsepsiyası var. Ən azı iki belə aqroparkın yaradılacağının anonsunu eşitdik. Təbii ki, bu istiqamətdə görüləsi xeyli işlər var. Ümumilikdə, aqrar sahə ilə bağlı Qarabağda fərqli yanaşmalar ortaya qoymuşuq. Məsələn, suvarma sistemləri ilə bağlı subsidiyalaşmada yanaşma fərqlidir. Düşünürəm, aqroparklar da bu fərqli yanaşmalardan istifadə edib, daha da məhsuldar, rəqabətyönümlü məhsul istehsal edə biləcəklər”, - deyə Rəşad Hüseynov əlavə edib.