AQTA-da baytarlıq preparatları, yem və yem əlavələrinin idxalçıları ilə görüş olub
Bakı, 27 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli həyata keçirilən tədbirlərlə əlaqədar iştirakçılara ətraflı məlumat verib. Sədr idxal olunan baytarlıq preparatlarının, yem və yem əlavələrinin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini və sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.
Qeyd olunub ki, ölkəmizə idxal olunan baytarlıq preparatları, yem və yem əlavələri ölkənin biotəhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır.
Görüşdə idxal prosedurlarının həyata keçirilməsi, dərman preparatlarının topdan və pərakəndə satışının təşkili, neqativ hallarla birgə mübarizə, dərman preparatlarının qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdırılması istiqamətində sahibkarların fikirləri dinlənilib.
Sahibkarlara maarifləndirmə işinin təşkili, sahəyə peşəkar mütəxəssislərin cəlb olunması, bu istiqamətdə tədris materiallarının hazırlanması, sahibkarlıq subyektlərində çalışan əməkdaşların təlimlərə cəlb olunması ilə bağlı tövsiyələr verilib.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.