CƏMİYYƏT
AQTA-da dəri məhsullarının idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib


Bakı, 21 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində dəri məhsullarının idxalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüşdə agentliyin sədr müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan qida məhsullarının ölkəyə idxalı ilə əlaqədar dəyişikliklərdən bəhs edərək, heyvan mənşəli məhsulların və heyvan dərisinin idxalı, yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərə toxunub.
Görüşdə qeyd edilib ki, Qanun bir çox beynəlxalq standartların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
“Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə əlaqədar sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standartlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.