CƏMİYYƏT
AQTA-nın nümayəndə heyəti Litvada işgüzar səfərdə olub
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Litva Respublikasında işgüzar səfərdə olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində agentliyin sədr müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Litvanın kənd təsərrüfatı nazirinin müavini Egidijus Giedraitis, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitkiçilik Xidmətinin rəhbəri Sergejus Fedotovas, eləcə də Dövlət Qida və Baytarlıq Xidmətinin direktoru Mantas Staskeviçius arasında görüş keçirilib. Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən tədbirlər barədə geniş məlumat verilib. AQTA və Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti, o cümlədən Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitkiçilik Xidməti arasında Anlaşma Memorandumları imzalanıb. Tərəflər qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətlərini bəyan ediblər.
Səfər zamanı Litva Respublikasının Milli Qida və Baytarlıq Riskinin Qiymətləndirilməsi İnstitutunun nümayəndə heyəti ilə də görüş keçirilib. Görüşdə hər iki ölkənin qida təhlükəsizliyi institutları barədə məlumat verilib. Eyni zamanda, risk qiymətləndirilməsi, təhlükənin müəyyənləşdirilməsi və səciyyələndirilməsi, genotipləşdirmə və sekvenləşdirmə analizləri üzrə Litva təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Agentliyin nümayəndə heyəti Litva Respublikasının Medininkai sərhəd nəzarət məntəqəsinə səfər ediblər. Səfər zamanı sərhəd-nəzarət məntəqələrində həyata keçirilən işlər, diri heyvanların idxalı zamanı heyvanların karantində saxlanması ilə əlaqədar həyata keçirilən prosedurlar, sərhəddə aparılan laborator analizlər, sərhəd nəzarət məntəqələri və aidiyyəti regional idarələr arasında əlaqə qurulmasına dair məsələlər üzrə təcrübələr bölüşülüb.
Eyni zamanda, Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin Fitosanitar Tədqiqat Laboratoriyasının əməkdaşları ilə görüş keçirilib. Görüş çərçivəsində AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olub, həmçinin yeni aşkar edilmiş zərərli orqanizmlə mübarizənin təşkili, məhvetmə qərarının çıxarılması, icrası və digər məsələlərə dair fikir mübadiləsi aparıblar.