AQTA sədri ilə “Rosselxoznadzor” rəhbəri qida məhsullarının idxalına və ixracına dair məsələləri müzakirə ediblər
Bakı, 19 iyun, AZƏRTAC
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçıların sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi sahəsində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub.
Görüşdə AQTA ilə “Rosselxoznadzor” arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanıb.
Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.