CƏMİYYƏT
AQTA sədri Qəbələdə vətəndaşları qəbul edib
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 1-də Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciəti əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, həmçinin işlərin daha operativ və səmərəli təşkili üçün gələcəkdə digər rayonlarda da laboratoriyaların yaradılması, heyvan kəsimi fəaliyyəti və bununla əlaqədar həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə bağlı olub. Qəbula gələn hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Sonra Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb.