CƏMİYYƏT
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
Bakı, 7 noyabr, AZƏRTAC
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 7-də həmin çərçivədə unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib.
Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.
Qeyd edək ki, Q.Təhməzli ötən həftənin IV günü alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib.
Xatırladaq ki, AQTA sədri tərəfindən hər həftənin IV günü saat 16:00-dan 18:00-dək keçirilən görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.