CƏMİYYƏT
AQTA: Yoluxucu xəstəliklər səbəbindən bəzi ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Bakı 26 sentyabr, AZƏRTAC
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bəzi ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentlik Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
WOAH-nin rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Tunis vilayətində və Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində və Danimarka Krallığının Şimali Yutlandiya regionunda Nyukasl, Nepal Federativ Demokratik Respublikasının Karnali, Baqmati əyalətlərində, Seneqal Respublikasının Ties regionunda, Albaniya Respublikasının Korça, Fier vilayətlərində, Boliviya Çoxmillətli Dövlətinın Koçabamba inzibati ərazi vahidində, Çili Respublikasının Libertador Qeneral Bernardo O'Hiqqins regionunda, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko və Ayova ştatlarında isə qeydə alınan yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti yekunlaşıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.