CƏMİYYƏT
AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Bakı, 7 noyabr, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) İngiltərənin “LGC standard” şirkəti tərəfindən təşkil olunan yulaf nümunəsində salmonellanın və “Fapas” şirkətinin keçirdiyi su nümunəsində ümumi codluğun təyini üzrə beynəlxalq səriştəlilik sınaqlarında yüksək nəticə əldə edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji (PZR müayinələr) və GMO müayinələrin aparılması, eyni zamanda, heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.
Qeyd edək ki, laboratoriya AZS ISO/İEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.