DÜNYA
Aramsız yağan yağışlar Fransanın cənubuna ciddi ziyan vurmuşdur
Paris, 22 yanvar (AZƏRTAC). Yanvarın 16-dan 20-dək yağan aramsız yağışlar Fransanın cənubunda böyük dağıntılara səbəb olmuşdur. Aylıq normadan beş dəfə artıq olan düşən yağıntı ölkənin cənubundakı Var və Buş-dü-Ron departamentlərinə daha çox ziyan vurmuşdur. Yağışın əmələ gətirdiyi sel nəticəsində bəzi yerlərdə torpaq sürüşməsi baş vermiş, küçələrdə suyun səviyyəsi bir metrə qədər qalxmış və evləri su basmışdır. Əksər yerlərdə yollar tamamilə dağılmış, şəhərlərarası nəqliyyatın hərəkəti dayanmışdır.
Təbii fəlakət nəticəsində 3 nəfər ölmüş, 5 nəfər itkin düşmüşdür. 2500 ailə təhlükəsiz yerə köçürülmüşdür.
Ölkənin cənubunda turizm bölgəsi kimi məşhur olan Nis şəhərinə daha çox zərər dəymişdir. İlkin hesablamalara görə şəhər infrastrukturuna dəyən ziyanın məbləği 6 milyon avrodur.
Baş nazir Jan-Mark Erol təbii fəlakətə daha çox məruz qalmış Var departamentinə səfər etmiş, vəziyyətlə yerindəcə tanış olmuşdur.
Təbii fəlakətin nəticələrini qaldırmaq üçün yüzlərlə jandarm səfərbərliyə alınmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris