REGİONLAR
Aramsız yağışlar naringi bağlarında məhsuldarlığa təsir edib VİDEO
Astara, 4 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Astara rayonunda 4300 hektar sitrus bağlarının 2417 hektarı naringi bağıdır. Hazırda rayonda meyvə bağlarında yığım aparılır. Ötən il 45 min 543 ton naringi tədarük edilən rayonda əlverişsiz hava şəraitinə görə bu il məhsuldarlığın aşağı olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Astarada sitrus təsərrüfatları daha çox Kijəbə qəsəbə inzibati ərazi vahidliyinə daxil olan kəndlərdə yerləşir. Ümumilikdə 800 hektardan artıq ərazini əhatə edən meyvə bağlarının çoxunda naringi ağacları əkilib. Ərazi üzrə fərdi təsərrüfatlardan hər il 6-7 min ton naringi yığılır.
Tüləgivan kənd sakini Fərid Ağayev ailə üzvləri ilə birgə həyətyanı torpaq sahəsində 400 meyvə ağacına qulluq edir. Onun əsas gəlir mənbəyi də elə bu bağdır. İlk mərhələdə təsərrüfatçılar “karli” deyilən tezyetişən naringini yığırlar. Bu naringinin gecyetişən naringilərdən üstünlüyü qabığının nazik, həm də daha şirin olmasıdır. 15-20 gün sonra gecyetişən naringinin yığımına başlanacaq.
Təsərrüfat sahibi deyir ki, yüksək gəlir götürə bilmək üçün məhsulu xarici bazarlara çıxarmaq niyyətindədirlər. “Qiymət sərf etmir deyə, məhsulun çox hissəsini anbara yığırıq. Hazırda kənddə alış 90 qəpiklə 1 manat arası dəyişir. Bayramqabağı qiymət qalxanda bazara çıxarmağı düşünürük”, - deyə o bildirir.
Osxonokəran kənd sakini, ömrünün 50 ilini sitrusçuluğa həsr edən Alış dayının bağında 500 ağac var. Onun da ailəsinin əsas gəlir yeri sitrus bağındandır. “Məhsul bir il çox, bir il az olur. Əsasən də havaların necə keçməsindən asılıdır”, - deyən Alış dayının sözlərinə görə, bu il çiçəkləmə dövründə aramsız yağışlar çiçəyin tozunu yuyub və ona görə də məhsuldarlıq aşağıdır. “İnşallah gələn il məhsul bol olacaq. Çünki ağaclarımız sağlamdır, yaxşı qulluq etmişik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Astarada 2417 hektar naringi bağları var. Bunun da 1473,5 hektarı məhsuldardır.