Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yarışa mərkəzin əhatə etdiyi ərazidə yerləşən şəhər və rayonlardan 10 komanda qatılıb.
Əvvəlcə yarış iştirakçıları mərkəzin həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə çıxış edən natiqlər yarışların yeniyetmələrin, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsində, məktəblilərdə şəxsi təhlükəsizliklə bağlı məsuliyyət hissinin artırılmasında, gənc nəslə hərbi vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin aşılanmasında böyük rol oynadığını bildiriblər.
Sonra yarışlar keçirilib. Mərhələlər üzrə toplanan ümumi xalların nəticəsinə görə, Ucar rayonu Qazıqumlaq kənd Sadiq Salahov adına 1 nömrəli tam orta məktəbin komandası birinci, Yevlax şəhəri Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin komandası ikinci, Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Beləliklə, Ucar rayonu Qazıqumlaq kənd Sadiq Salahov adına 1 nömrəli tam orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.