ARDNŞ-də bilikli və səriştəli kadrlara hər zaman iş imkanı vardır
Bakı, 1 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərlə görüş keçirilmişdir.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə İB tərəfindən elan olunmuş təmirçi-çilingər, əl ilə qaynaqda elektrik qaynaqçısı və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vakansiyaları üzrə 640 nəfərin iş üçün müraciət etdiyi, peşə sınaq imtahanı və aparılan fərdi müsahibədən keçmiş 313 namizədin işə qəbul olunduğu, nisbətən aşağı nəticə göstərmiş 100 nəfərin isə kadr ehtiyatı bazasına daxil edildiyi vurğulanmışdır.
İnsan resursları departamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik edərək bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasətin tərkib hissələrindən biri də işə qəbul prosesinin ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq olunmuş normativ aktların tələblərinə uyğun aparılmasını təmin etməkdir. ARDNŞ də müvafiq bilik və bacarığa malik olan kadrların işə qəbuluna son dərəcə həssaslıqla yanaşaraq, bu istiqamətdə işlərin daha şəffaf həyata keçirilməsi üçün hər cür şərait yaradır. ARDNŞ-də bilikli, bacarıqlı, səriştəli, peşəkar kadrlara hər zaman iş imkanı vardır.
Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffaf keçirildiyini, mənfi halların baş vermədiyini söyləmiş, yaradılmış şəraitə görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.