İQTİSADİYYAT
ARDNŞ Gürcüstanın neft məhsulları bazarının 50 faizini əhatə edir
Bakı, 25 sentyabr (AZƏRTAC). ARDNŞ hazırda Gürcüstanın neft məhsulları bazarının 50 faizini əhatə edir. Burada “SOCAR” brendi ilə 70-dən artıq yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. Tezliklə həmin məntəqələrin sayının 100-dək artırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Gürcüstan ictimaiyyətinin bu şirkətin qonşu ölkədə neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, bölgələrin qaz təminatında mühüm rol oynayan “SOCAR Georgia Gas” kimi törəmə müəssisələrinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmişdir. Onun sözlərinə görə, “SOCAR Georgia Petroleum” MMC, həmçinin azərbaycanlıların kompakt yaşadığı bölgələrdə irihəcmli sosial layihələr də həyata keçirir. Müəssisə 4 ildir ki, dalbadal “İlin ən iri vergi ödəyicisi”, habelə “Gürcüstana ən böyük sərmayə yatıran şirkət”, “Müasir YDM-lər şəbəkəsi” və “Xeyriyyəçi şirkət” mükafatlarına layiq görülür.
Gürcüstanın 30 regional qaz distribusiya şirkətinin “SOCAR Georgia Gas” tərəfindən idarə olunduğunu deyən R.Abdullayev bildirmişdir ki, bu müəssisənin həyata keçirdiyi 3 illik investisiya proqramı çərçivəsində 150 mindən artıq abonentin qazlaşdırılması nəzərdə tutulur. Artıq Gürcüstanın onlarla yaşayış məntəqəsində, o cümlədən azərbaycanlıların kompakt yaşadığı bir neçə kənddə qaz kəmərləri tikintisi başa çatdırılmış, iri yaşayış massivlərində qaz təchizatının bərpasına nail olunmuşdur.