ARDNŞ–in kadr hazırlığının təşkili mərkəzinə şagird qəbulunun birinci turu başa çatmışdır
Bakı, 8 fevral (AZƏRTAC). İxtisaslı fəhlə kadrlarının hazırlanması məqsədi ilə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığının təşkili mərkəzinə elan edilmiş şagird qəbulu yanvarın 23-də başa çatmışdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzə qəbulla əlaqədar 453 nəfər müraciət etmişdir. Bu il ilk dəfə olaraq yaşı 29-a qədər olan oğlanlarla yanaşı, 9 qız da müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Müsabiqənin birinci turunda müraciət edənlərin elektron ərizələrində göstərilmiş məlumatlar yoxlanılmış, müvafiq şərtlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılmışdır. 2012-ci ildə kadr hazırlığının təşkili mərkəzinə 7 ixtisas üzrə hər birinə 15 nəfər olmaqla 105 şagirdin qəbul edilməsi nəzərdə tutulmuşdur. Namizədlərə ilk dəfə olaraq elektron ərizələrində seçmiş olduqları ixtisası bir dəfə dəyişdirmək imkanı verilmişdir. Müraciətləri qəbul olunmuş namizədlər fevralın birinci yarısında müsabiqənin ikinci turuna - müsahibələrə dəvət olunacaqlar.