İQTİSADİYYAT
ARDNŞ-İN TƏLİM, TƏDRİS MƏRKƏZİNDƏ NÖVBƏTİ BURAXILIŞ İMTAHANLARI KEÇİRİLMİŞDİR
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 6-da ARDNŞ Sosial İnkişaf İdarəsinin təlim, tədris və sertifikatlaşdırma departamentinin təlim, tədris mərkəzində növbəti buraxılış imtahanları keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il test üsulu ilə keçirilən qəbul imtahanlarında uğur əldə etmiş 37 gənc oktyabrın 1-dən 4 ixtisas qrupu üzrə nəzəri və praktiki dərslərə cəlb olunmuşdur. Bu il onlar nəzəri hissə üzrə yekun test imtahanları vermiş, mayın 20-dən avqustun 2-dək isə ARDNŞ-in müvafiq idarə və müəssisələrində istehsalat təcrübəsində olmuşlar. Buraxılış imtahanı vermiş tələbələr ARDNŞ-in Heydər Əliyev adına və “Azərneftyağ” neft emalı zavodları, qaz emalı zavodu, Xəzər Dəniz Neft Donanması və Ekologiya İdarəsinin sifarişləri əsasında hazırlanmış və onların hər biri istehsalatda peşəkar kadr kimi işləməyə tam hazırdır. İmtahanların nəticələrinə əsasən, 31 nəfərə 4-cü, 6 nəfərə isə 3-cü dərəcə verilmişdir.
Tələbələr arasında Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evinin 4 sakini də vardır. İndiyədək həmin uşaq evindən 24 nəfər təlim, tədris mərkəzində təhsilini başa vurmuş və onların hamısı ARDNŞ-in müvafiq strukturlarında işlə və yataqxana ilə təmin edilmişlər.
Hazırda mərkəz 2010-2011-ci tədris ilində yeni fəhlə kadrlarının hazırlanması ilə bağlı tələbə qəbuluna hazırlıq görür və qurumda yeni ixtisasların təşkili üçün maddi-texniki baza yaradılır.