ARDNŞ-İN “ÜMİD-1” PLATFORMASININ İŞÇİLƏRİ ÜÇÜN YAŞAYİŞ BİNASI İNŞA EDİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, bu ilin ikinci yarısında ARDNŞ “Ümid” perspektiv qaz-kondensat strukturunda kəşfiyyat-qazma işlərinə başlamağı nəzərdə tutur.
Bu məqsədlə şirkətin “Neftqaztikinti” Tresti “Ümid-1” qaz hasilatı platformasında yerləşdiriləcək 3 mərtəbəli yaşayış blokunun inşasına başlamışdır. Quraşdırma işləri Zığ tikinti-quraşdırma sahəsində aparılır. Yaşayış bloku 27 otaqdan ibarət olacaq və burada 50 işçi qala biləcəkdir. Blokun layihəsi “Dənizneftqazlayihə” İnstitutu tərəfindən hazırlanmışdır. Tikinti işləri zamanı ən yeni yüngül, istilik saxlayan, yanmayan materiallardan istifadə ediləcəkdir. Binada yüksək rahatlığın təmin edilməsi nəzərdə tutulur. Hər mənzil müasir məişət texnikası və hər cür əşya ilə təchiz ediləcəkdir.
Yaşayış binasının yanında məişət kompleksinin yerləşəcəyi ikinci blok da inşa ediləcəkdir. Bu blokda yeməkxana, mini çörəkbişirmə sexi, trenajor zalı, camaşırxana, eləcə də ərzaq anbarları fəaliyyət göstərəcəkdir. Hər iki blok Zığda tikilərək tam təchiz ediləcək və sonra “General Əlağa Şıxlinski” kran gəmisi ilə “Ümid” yatağına aparılaraq buradakı platformada quraşdırılacaqdır.
“Ümid-1” platformasının inşası Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçirilir. Noyabrda hazır olacaq platforma “Bulla” yatağından 15 kilometr aralıda, “Ümid” perspektiv qaz-kondensat strukturunda, dənizdə suyun dərinliyi 60 metr olan sahnədə yerləşdiriləcəkdir. Platformadan 6 qaz quyusu qazılacaqdır. Platforma yerində quraşdırılan kimi, onun üzərində 3 mərtəbəli yaşayış bloku və məişət kompleksi yerləşdiriləcəkdir.
Hazırda “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda “28 May” NQÇİ-nin sifarişi ilə “Günəşli” yatağındakı 4 və 10 nömrəli platformalarda yerləşən yaşayış bloklarının modernləşdirilməsi və təmiri üzrə layihə-smeta sənədləri hazırlanır.