İQTİSADİYYAT
ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının “İsrafil Hüseynov” borudüzən gəmisində anım mərasimi keçirilmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Dekabrın 4-də görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun anadan olmasının 80-ci ildönümü münasibətilə ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının (XDND) təşkilatçılığı ilə yubilyarın adını daşıyan gəmidə anım mərasimi keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görkəmli neftçinin doğum günündə gəmidə İsrafil Hüseynovun xatirəsinə həsr olunmuş yeni güşə də açılmışdır. Bu güşədə yubiliyarın ömrünün bütün məqamları əksini tapmışdır. Mərasimdə XDND-nin baş mühəndisi İsrail Bayramov İsrafil Hüseynovun zəngin və mənalı ömür yolundan söz açmış, həmçinin “İsrafil Hüseynov” borudüzən gəmisinin fəaliyyətı barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu gəmi vasitəsilə Xəzərin müxtəlif milli sektorlarında sualtı boru xətlərinin inşası təmin edilə bilər. İndiyədək Xəzərin Rusiyaya aid sektorunda uzunluğu 56 kilometr (km) olan neft və Türkmənistana aid sektorunda uzunluğu 32 km olan qaz boru xətləri də məhz bu gəmi vasitəsilə çəkilmişdir. Donanmanın “Azərbaycan” və “Şıxlinski” kran, “Neftqaz” və “Aura” tipli təchizat, STB-1 və TMİ tipli barj və digər təyinatlı gəmiləri ilə yanaşı, “İsrafil Hüseynov” borudüzən gəmisinin də “Əsrin müqaviləsi”nin həyata keçirilməsində çox böyük rolu olmuşdur. Gəmi bu gün də genişmiqyaslı neft-qaz layihələrinin icrasında mühüm rol oynayır.
Yubilyarın anım mərasimində çıxış edən yaxın qohumları İsrafil Hüseynovun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına və ARDNŞ-in kollektivinə dərin minnətdarlıqlarını bildirmişlər.