ARGENTİNANIN YENİ PREZİDENTİ VƏZİFƏSİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, dekabrın 10-da Argentinada yeni Prezident Kristina Fernandes de Kirşner öz vəzifəsinə başlamışdır.
Argentinanın tarixində ilk dəfə olaraq, ölkəyə ümumxalq səsverməsi yolu ilə seçilmiş qadın başçılıq edəcəkdir. Bunun qeyri-adiliyi bir də bundadır ki, yeni dövlət başçısı vəzifəsini tərk edən Prezident Nestor Kirşnerin xanımıdır. O, ərinin başladığı islahatlar xəttini davam etdirəcəyini vəd etmişdir.
Xatırladaq ki, Nestor Kirşner 2003-cü ildə, ölkənin çox ağır sosial-iqtisadi böhranın nəticələrini yaşadığı bir vaxtda hakimiyyətə gəlmişdi. Kristina Fernandes de Kirşner üçün başlıca sınaq ölkədə sürətlə artan inflyasiyanın qarşısını almaq olacaqdır və müşahidəçilərin fikrincə, o, bununla öz sələfinin istifadə etdiyi metodlarla mübarizə aparacaq, yəni iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi vasitələrindən fəal istifadə edəcəkdir.
Yeni Prezidentin əhali arasında böyük nüfuzu vardır. Sonuncu ictimai rəy sorğusuna görə, indi onu argentinalıların 62 faizi dəstəkləyir.