ELM VƏ TƏHSİL
Arxeoloqlar şəhidlərin xatirəsini anıblar
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini dosent Zaur Həsənov Vətən müharibəsini Azərbaycanın 200 illik tarixində müqayisə oluna bilməyən ən böyük tarixi hadisə kimi dəyərləndirib.
Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin, erməni işğalçılarının müharibə və humanizm qanunlarına zidd olaraq törətdiyi vəhşi bombardmanlar nəticəsində həlak olmuş dinc soydaşlarımızın xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra professorlar Hidayət Cəfərov, Abbas Seyidov və Əsədulla Cəfərov dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət, ortaya qoyduğu dəmir iradə və ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində qazandığımız şanlı Qələbə barədə danışıblar. Çıxış edənlər işğaldan azad edilmiş ərazilərdə dövlətimizin qüdrətini göstərən nəhəng quruculuq işlərini vurğulayıblar. Məruzəçilər dövlətimiz tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğını xüsusi qeyd ediblər.
Şöbə müdiri Akif Quliyev azad edilmiş torpaqlarımızda əsir və itkin düşmüş soydaşlarımızın axtarılması işində institutun nəzdində yaradılan və onun başçılıq etdiyi Məhkəmə arxeologiyası şöbəsinin fəaliyyəti barədə söz açıb. O, aşkar edilmiş azərbaycanlı mülki şəxslərin və hərbi əsirlərin qalıqlarının tədqiqatları zamanı onların erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalması və xüsusi amansızlıqla qətlə yetirildiyini göstərən bəzi faktları açıqlayıb.
Daha sonra institutun kiçik elmi işçisi, Birinci Qarabağ müharibəsi veteranı Məhyəddin Seyidov döyüş xatirələrini bölüşüb.