“Asan İmza” Elmin İnkişafı Fondunun “e-QRANT” sisteminə inteqrasiya olunub
Bakı, 7 fevral, AZƏRTAC
“Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub. Bu məqsədlə Elmin İnkişafı Fondu və “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti arasında “Asan İmza” mobil elektron imza innovasiya sisteminə qoşulmaq haqqında müvafiq saziş imzalanıb.
Bu saziş müxtəlif xarakterli elmi-tədqiqat işlərinin qrant maliyyələşdirilməsi üçün layihələrin “e-QRANT” elektron sistemi vasitəsilə təqdim olunmasında “Asan İmza” xidmətindən istifadəni nəzərdə tutur.
Bununla yanaşı, Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti alimlər üçün “Asan İmza” xidmətinin ödənişsiz əldə edilməsi məqsədilə ilkin xüsusi aksiyanın keçirilməsini də elan edib. Aksiyanın şərtlərinə uyğun olaraq alimlər fevralın sonuna kimi Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti tərəfindən onlara təqdim edilən sertifikat vasitəsilə “Asan İmza” xidmətindən ödənişsiz faydalana biləcəklər. “Asan İmza”nın əldə olunması üçün alimlər sertifikatla və digər zəruri sənədlərlə 1 nömrəli “ASAN xidmət”ə müraciət etməlidirlər. Bu aksiya, ilk növbədə, Fondun yeni elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinə qatılmaq istəyən, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin qurumlarında çalışan alimləri əhatə edəcək.
“Asan İmza” xidmətindən istifadə Elmin İnkişafı Fondunun elektron sisteminə sənədlərin və müxtəlif layihələrin təqdim edilməsi üçün alimlər və ekspertlər qarşısında innovativ imkanlar açır.