SİYASƏT
“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı işini sessiya ilə davam etdirib VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı işini sessiya ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin istər Prosesdə iştirak edən dövlətlər, istərsə də Prosesə dəstək verən dövlətlərin və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut etdiyini söyləyib. O bildirib ki, bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.
Nazir deyib: “Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan Prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu-York şəhərlərində yüksəkvəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik.
İnanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib, elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk”.
Nazir qeyd edib ki, Azərbaycanın regionun nəqliyyatla birləşdirilməsi sahəsindəki töhfələri Əfqanıstan və ümumilikdə regionun yeni regional bazarlara çıxması və beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır. Bu yaxınlarda açılışı həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bu gün burada iştirak edən beş dövlətin imzaladığı Lapis-Lazuli müqaviləsi regionda əmtəə və sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Gürcüstan və Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat və tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət və tranzit arteriyasına çevrilib. Bu baxımdan, biz inanırıq ki, Lapis-Lazuli müqaviləsi sadəcə Əfqanıstanı Avropa bazarlarına yaxınlaşdırmaqla məhdudlaşmayacaq, həmçinin regionda beynəlxalq ticarətin dəstəklənməsində mühüm rol oynayacaq.
Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan uzun müddətdən bəri qonşu Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini çox gözəl dərk edir. Hesab edirik ki, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin təminatçısı ola bilər.
“Ümidvarıq ki, konfransın yekununda qəbul etməyi planlaşdırdığımız Bakı Bəyannaməsi regionumuzun bu gün üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd olacaq”, - deyə nazir qeyd edib.
BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Jan Kubis bildirib ki, İstanbul Prosesi ilk gündən etibarən regional əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır və BMT bu prosesin tərkib hissəsi olmaqdan məmnundur. O vurğulayıb ki, regional səviyyədə keçirilən bu proses qlobal əhəmiyyətlidir və regionda sülhün bərpasına, iqtisadi inkişafa xidmət edəcək.
“Səmərəli regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir”, - deyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbul Prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu bildirib. Nazir vurğulayıb ki, terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. “Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, İŞİD ilə mübarizə aparmaq üçün regional formatda birgə səyləri davam etdirmək lazımdır. O, İranın regional səviyyədə terrorizmlə, ekstremizmlə fəal mübarizə apardığını, amma böhranın siyasi yolla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Narkotiklərlə mübarizə məsələsinə toxunan İranın xarici işlər naziri ölkəsinin narkotik alverinə qarşı mübarizədə Əfqanıstan ilə fəal əməkdaşlıq etdiyini söyləyib.
“Asiyanın Qəlbi-İstanbul Prosesi” mənalı dialoq üçün səmərəli müstəvidir. Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir.
Bu fikirləri isə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif deyib. Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək.
Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar diqqətə çatdırıb ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır. Terrorla mübarizə üçün iqtisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin aradan qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək.
Tədbir iştirakçıları Azərbaycanın bu konfransa ev sahibliyini yüksək qiymətləndirdilər. Əfqanıstanın xarici işlər nazirinin müavini Adela Raz vurğulayıb ki, Azərbaycanın bu platformadakı rolu ölkəsi üçün çox önəmlidir. Çünki Azərbaycan regionda ən inkişaf etmiş ölkə hesab edilir və Azərbaycanın inkişafı ilə bağlı öyrəndiklərimiz bizə fayda gətirə bilər. Azərbaycanın bu konfransa ev sahibliyi də bizim üçün yeni səhifənin açılması deməkdir.
Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.