ASK HOLLANDİYANIN PUM PROQRAMI İLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ASK Hollandiyanın PUM (Hollandiyadan Təcrübəli Menecerlər) proqramı ilə sıx əməkdaşlıq edir.
Bu proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə yerli şirkətlərin təcrübəsinin az olduğu sahələr üzrə onların inkişafını təmin edə biləcək məsləhətlərin verilməsindən ibarətdir. Həmin ekspertlər yerli şirkətlərlə sıx əməkdaşlıq çərçivəsində işləyərək onların fəaliyyətlərinin daha da genişləndirilməsində, dünya standartlarına uyğunlaşdırılmasında və digər sahələrdə köməklik göstərirlər.
Cari ildə əməkdaşlıq çərçivəsində artıq 3 missiya uğurla başa çatmışdır.
Hazırda ASK-nın xətti ilə daha 5 ekspertin Azərbaycana səfəri gözlənilir. Dəvət olunmuş ekspertlər ayaqqabı, bitki yağı istehsalı, hotel və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərdə olacaq və onların inkişafını təmin edəcək məsləhət xidmətləri göstərəcəklər.
Proqramın Cənubi Qafqaz regionu üzrə rəhbəri Piter Van Gelder mayın 25-dən 29-dək Bakıda səfərdə olacaqdır. Səfərin məqsədi proqramın Azərbaycanda həyata keçirilməsinin monitorinqini aparmaq, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək, ASK ilə PUM arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini nəzərdən keçirməkdən ibarətdir.