Aşqabadda “İlin ən gözəl Axaltəkə atı” müsabiqəsi başa çatmışdır
Aşqabad, 30 aprel (AZƏRTAC). Aşqabadda Axaltəkə Atçılıq Assosiasiyasının təşkilatçılığı ilə “Türkmən atı və dünyada atçılıq incəsənəti” IV Beynəlxalq elmi konfransı və “İlin ən gözəl Axaltəkə atı” müsabiqəsi keçirilmişdir.
Tədbirlərdə dünyanın bir sıra ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan, Fransa, Böyük Britaniya, Polşa, ABŞ, İrandan nümayəndələr iştirak etmişlər.
Konfransda Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Fərhad Eminov, bu nazirliyin nəzdindəki “Dilbaz” atçılıq təsərrüfatının direktoru Səlimxan Gülalıyev, Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndəsi Yaqub Musayev, uşaq və gənclər atçılıq məktəbinin direktoru Kərim Zamanov təmsil etmişlər.
Aprelin 27-dən 29-dək “Türkmən atlarının bayramı” münasibətilə “İlin ən gözəl Axaltəkə atı” müsabiqəsi keçirilmişdir. Həmin günlərdə ölkənin muzeylərində Axaltəkə atlarına həsr olunmuş sərgilər, teatrlarda səhnələşdirilmiş tamaşalar, at yarışları təşkil edilmişdir.
Türkmənistan Beynəlxalq Atçılıq İdman Kompleksində keçirilən bayram tədbirində ölkənin Prezidentinə “Qalkan” ləqəbli at hədiyyə olunmuşdur.
Müsabiqədə “Xanburqut” ləqəbli at “İlin ən gözəl Axaltəkə atı” müsabiqəsinin qalibi adına, Türkmənistan Prezidentinin hədiyyəsinə və kuboka layiq görülmüşdür.
Daha sonra 4 və ondan yuxarı yaşlı atlar arasında yarış keçirilmişdir. Yarışda yerli və başqa ölkələrin jokeyləri iştirak etmişlər.
Azərbaycandan Yaqub Musayev, İrandan Səttar Mehrani, Fransadan Fredirik Spanyu, Kanadadan Fransisko Anderson, Çexiyadan Martin Piruç, Rusiya Federasiyasından Muxtar Hüseynov da iştirakçılar arasında olmuşlar.
Türkmənistan Prezidenti adından yarışın qalibinə avtomobil və qızıldan kiçik Axaltəkə at fiquru hədiyyə edilmişdir. İkinci və üçüncü yerləri tutanlara isə qızıl suyuna salınmış və gümüşü Axaltəkə at fiquru təqdim olunmuşdur.
Bütün iştirakçılara Axaltəkə atının təsviri olan türkmən xalçası hədiyyə edilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad