SİYASƏT
Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 36-cı iclası keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC, Ülviyyə Məmmədli). Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 36-cı iclası keçirilmişdir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə müsahibəsində bildirmişdir ki, iclasda Həştərxan sammitinin yekun sənədlərinin layihəsi müzakirə edilmişdir. Həmin sənədlər Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin aprelin 22-də Moskvada keçiriləcək konfransında müzakirə olunacaqdır.
Nazir müavini demişdir ki, görüşdə sammitə qədər Xüsusi İşçi Qrupun bir neçə iclasının keçirilməsi qərara alınmışdır. Nəticələrə nazirlərin Moskva konfransında baxılacaqdır və ümidvarıq ki, sammitin keçirilməsinə qədər yekun sənədlər razılaşdırılacaqdır.