ASTANADA HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov və səfirliyin əməkdaşları, Qazaxıstan parlamentinin deputatları, “Nur Otan” partiyasının və “Ak Orda” Respublika Hərəkatının üzvləri, Lev Qumilyov adına Universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndikdən sonra Qazaxıstan parlamenti Senatı sədrinin müavini Muxambet Kopeyev Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif məqamlarına toxunmuş, onu müasir Azərbaycan dövlətinin qurucusu adlandırmışdır. Natiq Heydər Əliyevin Qazaxıstana səfərlərini xatırlayaraq bu görüşlərin hər iki xalqın taleyindəki müstəsna əhəmiyyətindən danışmış, sözlərini Azərbaycan atalar sözü ilə bitirmişdir: “Əsil insan daşdan möhkəm, çiçəkdən zərifdir”.
Deputat Oral Məhəmmədcanov Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətindən və cəbhə xəttində atəşkəsə nail olunmasında xidmətlərindən danışmışdır.
“Samruk” Dövlət Holdinqi idarə heyəti sədrinin müavini Kairgəldi Kabildin Azərbaycanın neft strategiyasının təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir.
Sonra Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının sədri Kazbek Kaskenov, professor Asxad Şakirov “Heydər Əliyev və türk dünyası”, “Tarix və müasirlik” mövzularında məruzələr etmişlər.
Lətif Qəndilov ümummilli liderin həyat və fəaliyyəti haqqında danışmış, bu konfransın təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Tədbir iştirakçılarına Astanada rus dilində çap olunan və Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş “Turan Ekspress” qəzetinin xüsusi nömrəsi paylanmışdır.