İQTİSADİYYAT
ASTANADA “KAZENERJİ-2010” 5-Cİ AVRASİYA ENERGETİKA FORUMU KEÇİRİLİR
Astana, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də Astanada “Kazenerji-2010” 5-ci Avrasiya energetika forumu işinə başlamışdır.
Tədbirdə Xəzəryanı və bir sıra digər ölkələrin neft-qaz qurumlarının və xarici dövlətlərin Qazaxıstanda fəaliyyət göstərən tanınmış neft şirkətlərinin rəhbərləri, həmçinin Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, Dünya Energetika Şurasının baş katibi Kristofer Fray, Dünya Neft Şurasının prezidenti Rendal Qossen, ekspertlər iştirak edirlər.
Özkəmizi tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə nümayəndə heyətləri təmsil edirlər.
Forumda Qazaxıstanın Baş naziri Kərim Məsimov Xəzəryanı dövlətləri dənizdən neft və qaz çıxarılması prosesində ehtiyatlı olmağa, ekoloji tarazlığı qorumağa çağırmışdır. Onun sözlərinə görə, biz Meksika körfəzindəki faciədən ibrət götürməliyik.
İkigünlük tədbirdə iştirakçılar qlobal energetika problemlərinin inkişaf perspektivləri, alternativ enerji mənbələrinin inkişafı, Avrasiya məkanında təhlükəsizlik və digər məsələləri müzakirə edəcəklər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxışında forumun Azərbaycan və Qazaxıstan neft şirkətlərinin birgə əməkdaşlığı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan neft strategiyasının həyata keçirilməsi nəticəsində dünyanın 15 ölkəsinin 34 tanınmış şirkəti ilə 30-dan artıq sənəd imzalanmışdır. O, həmçinin 2015-ci ilədək illik neft hasilatının 60 milyon tona çatacağını da qeyd etmişdir. R.Abdullayev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin infrastruktur göstəriciləri haqqında da söhbət açmışdır.
Forum oktyabrın 6-da işini davam etdirəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana