Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qrupunun görüşü keçirilmişdir
Astana, 5 mart (AZƏRTAC). Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) işçi qrupunun növbəti görüşü keçirilmişdir.
Görüşdə beynəlxalq təhlükəsizlik, regional münaqişələrin həlli, terrorizmlə və transmilli təhdidlərlə mübarizə, Əfqanıstanda sülh və təhlükəsizlik və s. məsələlərə dair məsləhətləşmələr aparılmışdır.
Həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq və regional qurumlar ilə TDƏŞ arasında əlaqələr müzakirə edilmişdir.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Şahin Əhmədov bu toplantının regional təhlükəsizlik baxımından önəmli addımların atılmasına kömək edəcəyini bildirmişdir. Diplomat regionda baş verən hadisələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi tez-tez pozması, dinc sakinləri, mülki obyektləri hədəfə alması kimi məsələlərdən danışmışdır. Ş.Əhmədov Dağlıq Qarabağ münaqişəsinin ədalətli qaydada və yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir. TDƏŞ-ə üzv ölkələrin ikitərəfli və çoxtərəfli formatlarda problemin nizama salınmasında Azərbaycana verdikləri dəstəyin yüksək qiymətləndirildiyi vurğulanmışdır.
Görüşdə bütün dünya üçün təhlükə olan terrorizmə, ekstremizmə qarşı mübarizədə səylərin daha da artırılmasının zəruriliyi vurğulanmışdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana