ASTARA ŞƏHƏRİNDƏ 32 MƏNZİLLİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi günlərində Astara şəhərində 32 mənzilli dördmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişfı Dövlət Proqramında nəzərdə tututlan tədbirlərə müvafiq olaraq inşa edilmiş yeni binanın mənzillərinin orderləri və açarları Qarabağ, Əfqanıstan müharibəsi və Çernobıl əlillərinə, şəhid ailələrinə təqdim edilmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı Rüfət Mürşüdov, müharibə əlilləri və şəhid ailələrinin nümayəndələri çıxış edərək ümummilli liderimizin doğum günündə 32 ailəyə sevinc bəxş etdiyinə görə ölkəmizin başçısına minnətdarlıqlarını bildirmişlər. Natiqlər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə alternativ görmədiklərini bəyan etmişlər.
Smeta dəyəri 1 milyon 53 min manat olan üç və ikiotaqlı mənzillərdən ibarət yeni binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə Milli Məclisin deputatı Vasif Əliyev iştirak etmişdir.