Astarada kompüter oyunları üzrə zona turunun qalibləri müəyyənləşib
Astara, 2 may, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Kompüter oyunları Milli Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən kompüter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının Lənkəran zonası üzrə seçim turu başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zona turunda Astara, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Neftçala, Salyan və Yardımlı rayonlarının komandaları və fərdi oyunçuları qələbə uğrunda mübarizə aparıblar.
Komanda oyunları “Counter-Strike: Global Offensive”, “DOTA 2” və “League of Legends”, fərdi oyunlar isə “PES 18”, HeartStone, “Tekken 7” üzrə keçirilib.
Fərdi oyunlarda “PES 18”də Elməddin Rüstəmli (Biləsuvar), HeartStone-da Nicat Cəfərli (Astara), “Tekken 7”də Rəşad Heydərzadə (Astara) birinci yerə, komanda oyunlarında “Counter-Strike: Global Offensive”də Masallı rayon komandası birinci, Biləsuvar rayon komandası ikinci, Astara rayon komandası üçüncü yerə, “DOTA 2” oyununda isə Astara rayon komandası birinci yerə layiq görülüblər.
Qaliblər kompüter oyunları üzrə XII Azərbaycan Milli Çempionatının final oyunlarında iştirak etmək hüququ qazanıblar.