REGİONLAR
Astarada payızlıq bitkilərin əkin sahəsi 52 hektar artıb
Astara, 7 dekabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun təsərrüfatlarında 2023-cü ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
Torpaq mülkiyyətçiləri dekabrın 1-dək 112,8 hektarı buğda, 17,7 hektarı dən üçün arpa olmaqla, 130,5 hektar sahəyə toxum səpiblər. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi bu sahəyə marağı artırıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq bitkilərin əkin sahəsi 52,6 hektar artıb.
Ötən il rayonda 77,9 hektar sahədə əkin aparılıb, 181,5 ton taxıl istehsal olunub və hər hektardan orta məhsuldarlıq 23,3 sentner təşkil edib.