İQTİSADİYYAT
ASTARALILAR AZƏRBAYCAN PREZİDENTİNƏ MİNNƏTDARLIQLARINI BİLDİRİRLƏR
Astara, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Astara Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2010-cu il 21 aprel tarixli Sərəncamı ilə əlaqədar rayon ictimaiyyətinin toplantısı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Astarada uğurla həyata keçirilir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası sahəsində bir sıra mühüm işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyi aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdiyi Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədi ilə dövlətimizin başçısı aprelin 21-də “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sənədə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədi ilə 3,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Vaxtilə Xəzər dənizi sahili boyunca çəkilmiş 18,6 kilometrlik Astara-Bala Şahağacı magistral yolu uzun müddət baxımsızlıq ucbatından və Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar avtomobillərin hərəkəti üçün yararsız hala düşmüşdür. Həmin yol boyunca yerləşən Astara şəhərinin, Şahağacı, Kakalos, Kolatan, Bala Şahağacı və Qamışlı kəndlərinin sakinləri rayon mərkəzinə və Lənkəran rayonuna gediş-gəlişdə çətinliklərlə üzləşirdilər. Astara dəmiryol stansiyası, tikilməkdə olan Olimpiya İdman Kompleksi, neft və yük terminalları və digər dövlət əhəmiyyətli obyektlər də həmin yolun ətrafında yerləşir.
Azərbaycan Prezidentinin Sərəncamının Astara rayonunun sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını diqqətə çatdıran M.Quliyev göstərilən qayğıya görə bütün astaralılar adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Toplantıda çıxış edən rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, rayon ziyalılar cəmiyyətinin sədri Mircəfər Babazadə, mədəniyyət işçisi Əfqan Şəfiyev, Bala Şahağac, Şiyəkəran, Şahağac, Kakalos, Kolatan kəndlərinin ağsaqqalları, ziyalıları və ictimaiyyətin nümayəndələri Astara-Bala Şahağacı yolunun yenidən qurulmasının rayonda turizmin inkişafına və digər infrastruktur layihələrin həyata keçirilməsinə, bütövlükdə, iqtisadiyyatın inkişafına təkan verəcəyini vurğulamış, Astara rayonu üçün həyati əhəmiyyət kəsb edən sərəncama görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən gənclər və idman idarəsinin rəisi Ərçə Əliyevə, rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Kamil Kamilova və ümumi şöbənin müdiri Ələsgər Əliyevə yüksək dövlət mükafatları təqdim edilmişdir.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
######