İDMAN
Astaralılar güləşçilərimizin XXX London Yay Olimpiya Oyunlarındakı qələbəsini ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirirlər
Astara, 13 avqust (AZƏRTAC). Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da XXX London Yay Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran sərbəst güləşçilərimiz Toğrul Əsgərovun və Şərif Şərifovun möhtəşəm qələbələri böyük sevinclə qarşılanmışdır.
Öz sevincini AZƏRTAC ilə bölüşən Astara şəhər 3 nömrəli orta məktəbin bədən tərbiyəsi və idman müəllimi Nadir Nəzirov bildirmişdir ki, XXX London Yay Olimpiya Oyunlarında bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə yüksələn, Olimpiya Oyunlarının qızıl medallarına sahib olan sərbəst güləşçilərimiz Toğrul Əsgərovun və Şərif Şərifovun möhtəşəm qələbələri ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısının məntiqi nəticəsidir.
Astara güləş məktəbinin yetirməsi Cəbrayıl Həsənovun XXX London Yay Olimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində sərbəst güləş yarışlarında yarımfinala qədər yüksəlməsinə baxmayaraq, həmyerlimizin sonrakı görüşlərdə uğur qazana bilməməsi təəssüf doğursa da, bütövlükdə Azərbaycan idmançılarının qazandığı uğurlar bizi sevindirir.
Astara şəhər sakini Fərmail Bünyadov isə sevincini belə ifadə etmişdir: “Azərbaycanın dövlət bayrağını XXX London Yay Olimpiya Oyunlarında yüksəklərə qaldıran, himnimizi səsləndirən Toğrul Əsgərov, Şərif Şərifov və digər idmançılarımız bizim fəxrimizdir. Onlara yeni-yeni qələbələr arzulayırıq!”