REGİONLAR
Astaranın Deqadi kəndində məktəb üçün əlavə bina inşa olunub






Astara, 21 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun Deqadi kəndində məktəb üçün tikilən əlavə binanın açılışı olub. Bina Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində icra olunan “Astara rayonunun Deqadi kəndində məktəb üçün əlavə binanın inşası” layihəsinə əsasən tikilib. Açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və benefisiar təşkilat olan “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihədə əsas məqsəd Deqadi kənd məktəbinin ərazisində 144 şagirdin təhsil ala biləcəyi 6 otaqlı yeni məktəb binasının tikilməsi ilə, həmin məktəbdə mövcud otaq çatışmazlığı probleminin həllinə nail olmaq və kəndin təhsil şəraitini yaxşılaşdırmaqdır.
İndiyə qədər Azərbaycan Respublikasında “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində 283 layihə icra olunub.
“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” Azərbaycan Respublikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.