İQTİSADİYYAT
“AtaBank” ASC “Nağdsız ödə, nağd qazan” lotereya kampaniyasını davam etdirir
Bakı, 13 avqust (AZƏRTAC). “AtaBank” ASC ötən ilin dekabrın 15-dən başladığı “Nağdsız ödə, nağd qazan” lotereya kampaniyasını davam etdirir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, kampaniya başladığı vaxtdan indiyədək bankın POS terminalları vasitəsi ilə aparılan əməliyyatların məbləği üç dəfədən çox artmışdır. Bankın plastik kart istifadəçilərinin sayında da artım müşahidə olunmuşdur. Kampaniyada iştirak etmiş müştərilərdən 218 nəfər müxtəlif məbləğdə pul vəsaiti udmuşdur. Udulmuş ümumi məbləğ 3310 manat təşkil etmişdir.
Lotereyada “AtaBank” ASC tərəfindən quraşdırılmış POS terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.
Avqustun 10-dan etibarən 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri artıq iki ədəd kupon əldə edərək lotereyada iştirak hüququ qazanırlar. Eyni zamanda, minimal məbləğin təkcə bir əməliyyat nəticəsində əldə olunması vacib deyil.
Lotereya dekabrın 30-dək davam edəcəkdir.