DÜNYA
ATƏT DTİHB-in müşahidə missiyası Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün işə başlayıb
Tbilisi, 13 sentyabr, AZƏRTAC
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyası oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün rəsmən fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ATƏT/DTİHB məlumat yayıb.
Bildirilir ki, Gürcüstan hökuməti tərəfindən seçkiləri müşahidə etmək üçün rəsmi dəvət olunan müşahidə missiyasına 12 beynəlxalq ekspert və 30 uzunmüddətli müşahidəçi daxildir. Onlar sentyabrın 19-dan Gürcüstanın bütün bölgələrində fəaliyyətə başlayacaqlar. Bundan əlavə, DTİHB-in dəvət etdiyi 350 qısamüddətli müşahidəçi seçkilərə bir neçə gün qalmış Gürcüstana gələcək.
Müşahidəçilər səsvermə günündən əvvəl və sonra seçkinin bütün aspektlərini, DTİHB-in seçkilərlə bağlı tövsiyələrinin icrasını qiymətləndirəcəklər.
Seçki günü DTİHB missiyası ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və NATO Parlament Assambleyası ilə birlikdə seçki məntəqələrinin açılmasına, səsvermə prosedurlarına, bülletenlərin hesablanmasına və nəticələrin hesablanmasına nəzarət edəcək.
Seçkilərdən bir gün sonra beynəlxalq müşahidəçilər missiyası ilkin müşahidə nəticələrini mətbuat konfransında təqdim edəcək. Seçki prosesinin qiymətləndirilməsinə dair yekun hesabat, o cümlədən tövsiyələr seçki prosesi başa çatdıqdan bir neçə ay sonra dərc olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi