SİYASƏT
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səyləri yüksək qiymətləndirilmişdir
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də İsveçrənin Bern şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter arasında görüş keçirilmişdir.
AZƏRTAC ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə 2014-cü ilə dair əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
D.Burkhalter həmsədrlərin vasitəçilik səylərini yüksək qiymətləndirmişdir.
Vasitəçilər və ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, eyni zamanda, İsveçrə xarici işlər departamentinin dövlət katibi İv Rosye ilə də görüşmüşdür. Tərəflər ölkənin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.