ATƏT-İN VYANA OFİSİNDƏ ANAMA-NIN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ İCLAS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 16-da ATƏT-in Təhlükəsiz Əməkdaşlıq Forumunun (TƏF) Vyanada keçirilən 542-ci iclası Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyətinə həsr olunmuşdur.
ATƏT yanında daimi nümayəndəliklərin təmsilçilərinin iştirakı ilə keçən iclasda əvvəlcə ANAMA-nın fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Milli agentliyin direktoru Nazim İsmayılov təşkilatın məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, minalanmış ərazilərin ölkə iqtisadiyyatının inkişafına əngəl və həmin ərazilərdə yaşayan insanların həyatı üçün təhlükə törətməsindən danışmış, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, partlamamış hərbi sursatın zərərsizləşdirilməsi məsələlərinə toxunmuşdur.
Təqdimatda keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı sursat anbarını partlatması nəticəsində əraziyə səpələnən partlayıcı maddələrin və digər hərbi sursatın təmizlənməsi məqsədi ilə həyata keçirilən “Saloğlu” layihəsi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, indiyədək iki mərhələsi uğurla başa vurulmuş layihənin üçüncü mərhələsində yerin altındakı partlayıcı hərbi vasitələr zərərsizləşdiriləcəkdir.
Təqdimatdan sonra Nazim İsmayılov ANAMA-nın fəaliyyəti ilə bağlı suallara cavab vermişdir.
ATƏT-in Təhlükəsiz Əməkdaşlıq Forumu ATƏT məkanında təhlükəsizliyin hərbi aspektlərinin müzakirə edilməsi və məsləhətləşmələr aparılması məqsədi ilə 1992-ci ildə yaradılmışdır və iclaslarını mütəmadi olaraq ATƏT-in Vyana ofisində keçirir.