ATƏT PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI İLƏ ƏMƏKDAŞLIĞI İNTENSİVLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 1-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero Ansola ilə görüşmüşdür.
Komissiyadan verilən məlumata görə, səfir Xose Luis Herrero Ansola təmsil etdiyi qurumun Mərkəz Seçki Komissiyası ilə indiyəqədərki əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, qarşıdakı prezident seçkilərində bu əməkdaşlığı daha da intensivləşdirmək fikrindədirlər.
Diplomat bildirmişdir ki, aprelin 25-də jurnalistlər üçün keçirilmiş seminar prezident seçkiləri ilə bağlı əməkdaşlıq istiqamətində ilk addım kimi dəyərləndirilə bilər. KİV nümayəndələri üçün təlimlərin davam etdirilməsinə tərəfdar olduğunu söyləyən ATƏT nümayəndəsi yerli hakimiyyət, məhkəmə və polis orqanlarının əməkdaşları üçün də belə tədbirlər təşkil etmək istədiklərini diqqətə çatdırmışdır.
MSK-nın ATƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən Məzahir Pənahov demişdir ki, rəhbərlik etdiyi qurum maarifləndirmə işinin əhəmiyyətini yüksək dəyərləndirir və məhz buna görə aşağı seçki komissiyalarının, seçicilərin maarifləndirilməsini daim diqqətdə saxlayır. KİV nümayəndələri üçün keçirilən seminar da MSK-nın maarifləndirmə işinə verdiyi əhəmiyyətin göstəricisi sayıla bilər.
MSK sədri aşağı seçki komissiyalarının maarifləndirilməsi zamanı beynəlxalq qurumlarla əməkdaşlıq etdiklərini xatırlatmış, prezident seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyaları üzvləri üçün təlimlərin yenə keçiriləcəyini söyləmişdir.
Məzahir Pənahov ATƏT ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirmişdir.
Görüşdə əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır.