İQTİSADİYYAT
Auditorlar Palatası və Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Niyyət Protokolu imzalanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Auditorlar Palatası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühasib Təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ilə mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalayıb.
AZƏRTAC xəbər verir ki, mərasim sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda baş tutub.
APFM Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, həmçinin Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM, Institute of Certified Financial Managers) və Sertifikatlı Mühasiblər İnstitutunun (ICB, The Institute of Certified Bookkeepers) Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir və beynəlxalq kvalifikasiyalar üzrə təlimlər, imtahanlar təşkil edir.